İnternet sürətini necə düzgün yoxlamaq və Speedtest nəticələrini necə anlamaq olar?
İnternet sürəti01.09.2026

İnternet sürətini yoxlamağın ən rahat yollarından biri Speedtest-dən istifadə etməkdir. Speedtest internet bağlantınızın sürətini ölçən onlayn testdir və nəticədə əsasən üç göstərici təqdim edir: Download, Upload və Ping.
Bu məqalədə Speedtest-i necə düzgün etmək və nəticələri necə anlamaq lazım olduğunu sadə və addım-addım izah edəcəyik.
Speedtest-i necə etmək olar?
Ən çox istifadə olunan vasitələrdən biri Speedtest by Ookla xidmətidir. Onu brauzerdə Google-da “Speedtest by Ookla” axtarışı edərək aça və ya mobil tətbiqindən istifadə edə bilərsiniz.
İnternet sürət testinə başlamazdan əvvəl daha düzgün nəticə üçün:
- aktiv fayl yükləmələrini və video izləməni dayandırın;
- internetdən istifadə edən lazımsız proqramları bağlayın;
- Wi-Fi ilə test edirsinizsə, ruterə yaxın məsafədə olun.
Daha sonra Speedtest-i açın və ekrandakı “GO” düyməsinə toxunun. Test avtomatik başlayacaq və bir neçə saniyə ərzində internet bağlantınızın əsas göstəricilərini ölçəcək.
Speedtest nəticələrini necə anlamaq olar?
Test bitdikdən sonra qarşınıza bir neçə rəqəm çıxacaq. İlk baxışdan qarışıq görünsə də, əsas göstəriciləri anlamaq olduqca sadədir.
Download – yükləmə sürəti
Download internetdən cihazınıza məlumatın hansı sürətlə gəldiyini göstərir və Mbps ilə ölçülür. Video izləmək, saytları açmaq, sosial şəbəkələrdən istifadə etmək və fayl yükləmək kimi gündəlik fəaliyyətlərdə əsas göstəricilərdən biridir.
Burada rəqəm nə qədər yüksəkdirsə, download sürəti də bir o qədər yüksəkdir.
Upload – göndərmə sürəti
Upload məlumatın cihazınızdan internetə hansı sürətlə göndərildiyini göstərir və o da Mbps ilə ölçülür. Məsələn, foto və video göndərərkən, faylları cloud-a yükləyərkən və videozəng zamanı upload sürəti önəmli rol oynayır.
Burada da daha yüksək göstərici daha yüksək göndərmə sürəti deməkdir.
Ping – bağlantının reaksiya müddəti
Ping məlumatın cihazınızdan serverə gedib geri qayıtması üçün lazım olan vaxtı göstərir və ms (millisaniyə) ilə ölçülür.
Download və Upload-dan fərqli olaraq, Ping göstəricisi nə qədər aşağıdırsa, bağlantının reaksiya müddəti də bir o qədər qısadır.
Speedtest nəticəsini necə düzgün qiymətləndirmək olar?
Speedtest zamanı gördüyünüz Download və Upload nəticələrini istifadə etdiyiniz internet paketinin göstəriciləri ilə müqayisə edə bilərsiniz. Nəzərə almaq lazımdır ki, Wi-Fi ilə aparılan testə ruterə olan məsafə, cihazın imkanları və həmin anda şəbəkədən istifadə edən digər cihazlar təsir göstərə bilər.
Buna görə internet sürətini yoxlayarkən testi eyni şəraitdə 2–3 dəfə təkrarlamaq nəticə haqqında daha düzgün təsəvvür yaradır.
İndi artıq Speedtest-i necə etmək və nəticələri necə oxumaq lazım olduğunu bilirsiniz. Cəmi bir neçə dəqiqə ərzində internet bağlantınızı yoxlayıb əsas göstəriciləri rahatlıqla qiymətləndirə bilərsiniz.